Bakının ləzzətləri

Bakının ləzzətləri

Plov

Azərbaycanda aşın 200 növü var. Aş ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və yanında verilən xuruşdan ibarətdir. "Xuruş"a el arasında "aşqarası" da deyilir. Xuruş əsasən toyuq və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Aşqarasına mütləq turş meyvələrdən qatılır, fisincan aş bişiriləndə isə aşın qarasına abqora, sirkə, nar və ya sumax suyu tökülür. Əlavə olaraq bir çox aşların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. Nuş olsun!

Dovğa

Milli mətbəximizin ən ləzzətli təamlarından biri də dovğadır. Dovğa hazırlamaq üçün qatıq su ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirilir. Dovğanı soyuq və ya isti halda içə bilərsiniz. Bəzi regionlarımızda dovğaya kiçik ət tikələri də əlavə olunur. Nuş olsun!

Kabab

Qonaqlıq deyiləndə, ağıla gələn ilk yeməklər arasında kabab birinci sırada dayanır. Kabab şişə çəkilərək manqalda bişirilən ət yeməyidir. Bununla belə, tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Kabab manqalda, kömür üzərində bişirilir. Azərbaycan mətbəxində zirincli kabab, tikə kababı, lülə kabab, toyuq kababı, balıq kababı, bildirçin kababı, basdırma kababı, xan kababı və onlarla kəşf edilməyi gözləyən ləzzətlər yer alır. Nuş olsun!

Piti

Özünəməxsus bişirilmə üsulu ilə seçilən bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil. Bu milli şorbanı xüsusi gil qablarda bişirirlər. Pitiyə ətlə bərabər quyruq da salınsa, daha ləzzətli olar. Gil qablarda bişirilən piti süfrəyə elə bardaqda gətirilir. Hazırlanma qaydası kimi onun yeyilmə üsulu da qeyri-adidir. Belə ki, əvvəlcə boşqaba sumaq səpib, üzərinə bayat çörək doğranır. Gil qabdan pitinin suyu çörəyin üzərinə süzülüb yeyilir. Yeməyin ilk hissəsi bitincə, ikinci əməliyyat başlayır. Bu dəfə noxudla ət eyni boşqaba qoyulur, əzilərək yeyilir. Şəkililər pitinin yanında süfrəyə baş soğan da qoyurlar. Quyruqlu ət və noxud ağır yemək sayıldığından soğan onların mədədə həzmini asanlaşdırır. Nuş olsun!

Dolma

Dolma Azərbaycanın qədim milli xörəklərindən biridir. Dolma hazırlamaq üçün müxtəlif növ üzümün (ağ şanı, qara şanı) cavan yarpaqlarından, kələmdən, bəzi regionlarda (Quba, Qusar) əncir, heyva və digər ağacların yarpaqlarından istifadə olunur. Əvvəllər dolma hazırladıqda içinə çəkilmiş ətdən və tərəvəzlərdən başqa, ağ balıq və durna balığının duzlanmış əti də doldurulurdu. Yay mövsümündə dolma 3 tərəvəz – badımcan, pomidor və şirin bibərdən də hazırlanır. Bu cür dolmanın içərisinə çəkilmiş quzu əti, ətirli göylər və ədviyyatlar vurulur. El arasında ona "üç bacı dolması" deyilir. Nuş olsun!

Ləvəngi

Ləvəngi cənub zonasına xas olan təamlardandır. Ləvəngi sözünün mənası "içi doldurulmuş" deməkdir. Kütüm balığından bişirilən ləvəngi daha dadlı olur. Ləvəngi qoz ləpəsi, soğan, lavaşana, duz və istiotdan hazırlanır. Bu yeməyi bişirmək heç də çətin deyil – əsas odur ki, balıq təzə olsun. Bütün balıq yeməklərində olduğu kimi, balıq ləvəngisinin də yanında süfrəyə mütləq narşərab verilir. Nuş olsun!

Qutab

Qutab Azərbaycanın qədim yeməklərindən biridir. Nazik yuxa içərisinə zövqə görə doldurulmuş göyərti və ətin dadı damağınızda qalacaq. İsti qutabın üzərinə səpilən sumax isə qutabın ləzzətinə ləzzət qatacaq. Qeyd edək ki, süfrəyə verilən zaman qutabın üstünə nar dənəsi də səpilir. Nuş olsun!