Qaydalar:
- Turnirdə ilk olaraq qeydiyyatdan keçmiş 40 komandanın iştirakı nəzərdə tutulur. Əgər iştirak etmək istəyən komandaların sayı 40-dan artıq olarsa, onlar gözləmə siyahısına düşürlər. Daha əvvəl qeydiyyatdan keçmiş komanda(lar)dan hansının iştirakı alınmasa, gözləmə siyahısında olan komanda(lar) onun yerini alacaq.
- Oyun zamanı iştirakçı komandaların üzvlərinin sayı 4 nəfərdən az, 6 nəfərdən çox olmamalıdır. Oyunçu dəyişiklikləri isə yalnız turlar arasında həyata keçirilə bilər. Komandalar qeydiyyatdan keçərkən 6 əsas, 2 əvəzedici oyunçu olmaqla maksimum 8 nəfəri qeyd edə bilərlər.
- Turnir “Nə? Harada? Nə zaman?” formatında 60 sualdan ibarət olacaq və Azərbaycan dilində keçiriləcək.
- Yarış hər birində 12 sual olan 5 turdan ibarətdir. Turlar üzrə suallar ümumi bilikləri əhatə edəcək və AÇ 2020-nin oyunlarının keçiriləcəyi şəhərlər, onların tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, idmanı və s. ilə əlaqəli olacaq.
- Komandaların məqsədi aparıcının verdiyi suala vaxtlı-vaxtında düzgün cavab verməkdir. Hər düzgün cavaba görə komanda bir oyun xalı qazanır. Cavablar yazılı şəkildə verilir.
- İlk 3 yerin sahibini və simvolik olaraq 20-ci yeri tutmuş komandanı qiymətli hədiyyələr gözləyir. Kapitanlar üçün isə xüsusi müsabiqə nəzərdə tutulur.
Ətraflı:
1. Bütün komandalar eyni vaxtda və eyni yerdə oynayırlar.
2. Komandaların məqsədi aparıcının verdiyi suala vaxtlı-vaxtında düzgün cavab verməkdir. Suala düzgün cavab komandaya 1 xal, yanlış cavab 0 xal gətirir.
3. Cavablar yazılı şəkildə verilir.
4. Suallar Azərbaycan dilində verilir.
5. Sualda aydın şəkildə əksi tələb edilmirsə komandalar cavabları Azərbaycan dilində verməlidir.
6. Aparıcı sualın nömrəsini elan edir, sualı oxuyur və “vaxt” sözünü tələffüz edir ki, bundan sonra 60 saniyədən ibarət vaxtın axını başlayır. Müzakirə vaxtının sonuna 10 saniyə qalmış, aparıcı 10 saniyə qalması barədə siqnal verilir. Dəqiqə bitdikdən sonra aparıcı “cavabları təqdim etmək üçün son 10 saniyə” ifadəsi ilə müzakirə müddətinin bitməsi barədə siqnal verir. Komandalar həmin 10 saniyə ərzində cavab kartlarını sekundantlara təqdim etməlidir.
7. Kapitan dəqiqənin bitməsi haqqında siqnaldan sonra 10 saniyədən gec olmamaq şərti ilə cavab mətni olan cavab kartını əlində yuxarı qaldırmışdırsa, komanda suala vaxtında cavab vermiş sayılır. Cavabların qəbul olunub-olunmaması aparıcının müstəsna səlahiyyətindədir.
8. Gecikmə ilə verilmiş cavablar nəzərdən keçirilmir.
9. Komandaların cavabları turnirin nəticələri hesablanana qədər saxlanılır.
10. Cavab aşağıdakı hallarda düzgün sayılmır:
- sualın mahiyyətini kifayət qədər konkretləşdirmirsə (tələb olunanın konkretləşdirmə dərəcəsi sualda göstərilməlidir və ya Oyun Jürisi tərəfindən təyin edilir);
- cavab forması sual formasına uyğun gəlmirsə;
- birdən çox cavab variantı verilibsə və onlardan heç olmasa biri səhvdirsə;
- cavabda onun mahiyyətini dəyişən kobud səhvlər varsa (adlar, soyadlar, tarixlər, fəaliyyət forması və s. düzgün yazılmayıbsa).
11. Mötərizənin içərisində qeyd edilmiş istənilən məlumat nəzərə alınmır.
12. Yekunda yüksək yerlər tutmuş komandaların xalları bərabər olarsa, mükafatçıları müəyyənləşdirmək üçün reytinq hesablanır. Reytinq də bərabər olduğu halda, həmin komandalar arasında ilk düzgün cavab alınana qədər əlavə suallar oynanılır.
13. Reytinq - sualların çətinlik dərəcəsini göstərir. Əgər bir suala iştirak edən komandaların əksəri cavab verərsə, o sual aşağı reytinqli hesab olunur. Daha az komanda cavab verərsə, bu sual daha yüksək reytinqli sual hesab olunur. Yüksək reytinqi olan suallara düzgün cavab tapmış komanda daha yüksək yer tutur.
14. Yarışda apellyasiya nəzərdə tutulmayıb. Bütün mübahisəli məqamlarda yekun qərarı Oyun Jürisinin fikirləri əsasında baş hakim (Aparıcı) qəbul edir.
15. Oyunun bütün iştirakçıları:
- aparıcı, oyun jürisinin üzvləri, sualların redaktoru və müəllifləri ilə münasibətdə ümumi qəbul olunmuş etik normalara riayət etməlidir.
- yarışın başqa iştirakçılarına münasibətdə onları qaydaları və ya etik normaları pozmağa sövq edən hərəkətlərə yol verməməlidirlər.