“Adidas” UEFA Avro-2020 üçün “Uniforia” rəsmi oyun topunu təntənəli şəkildə təqdim edir

07-11-2019

UEFA Avro-2020 oyunlarında istifadə ediləcək “Adidas”-ın  rəsmi “Uniforia” topu üçün ilham mənbəyi gələn yay keçiriləcək turnirin fərqliliyidir.
 

“Adidas” UEFA Avro-2020 üçün rəsmi oyun topunun adını açıqladı. Yüksək səviyyəli milli komanda yarışının topu ingiliscə "birlik" (unity) və "eyforiya" (euphoria) sözlərinin birləşməsi ilə “Uniforia” adlandırılaraq gələn il keçiriləcək turnirin bütün qitəni ruhlandıracağını qeyd etmək üçün hazırlanmışdır.


UEFA Avropa Çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək Avro-2020 final mərhələsinin matçları Avropanın 12 müxtəlif ölkəsində oynanılacaq və turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi oldu.

 

“Uniforia”-nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri idi.  

 

“Rəsmi matç topunun tərtibatı zamanı biz həmişə mədəniyyəti əks etdirməyə çalışırıq - yəni ki, stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçənin ruhunu”, – deyə “Adidas”-ın məhsul dizayneri Anika Mari Kenno bildirib.  

 

O, əlavə edib: “Hazırda bizim bütün şəhərlərimizdə gördüyümüz əsas xüsusiyyət bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacının mövcud olmasıdır. Dünyada əsas idman tədbirlərindən biri olaraq UEFA Avro-2020 bu cür birliyin gücünü qürurla nümayiş etdirmək, eləcə də insanları, ideyaları və yaradıcılıqları birləşdirən bir qüvvə olaraq idmanı bayrama çevirmək üçün böyük bir imkandır”.

 

Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”-nın tərtibatı topun üstündən qalın, qara fırçayla çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir.  Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə, bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.  

 

“Bu yenilikçi tədbirdə “Adidas” futbolu və ümumilikdə idmanı dünyanı bir araya gətirə biləcək bir amil kimi qeyd edəcək”, – deyə “Adidas”-ın brend marketinqi üzrə vitse-prezidenti Florian Alt bildirib.  

 

O, həmçinin deyib: “Futbol kimliyinizdən, haradan gəlməyinizdən və hansı meydanda oynamanızdan asılı olmayaraq, hər kəs üçündür. Oynadığımız zaman o, bizi birləşdirir. “Uniforia” sadəcə bir rəmz olsa da, o, hamımızın arxasında birləşə biləcəyimiz və birləşməli olduğumuz bir rəmzdir”.

 

UEFA Avro-2020 iyun ayının 12-də Roma şəhərində başlayacaq və düz 1 ay sonra Londonda “Uembli” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq.

 

Yarış çərçivəsində matçlar Avropanın 12 ev sahibi şəhərində keçiriləcək: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt Peterburq.

KİV üçün qeyd:

Mövzuya aid materiallar hazırlayarkən bu linkdə təqdim olunmuş şəkilləri “Adidas”-a istinad etməklə istifadə edə bilərsiniz.

Növbəti xəbərlər

Ən son videolar