Martin Qarriks UEFA AVRO-2020-nin “səs”i olacaq

21-10-2019

Məşhur DJ UEFA AVRO 2020-nin Rəsmi Musiqiçisi elan olundu. O, turnir üçün rəsmi mahnını, həmçinin rəsmi bağlanış musiqisini hazırlayaraq, onları ifa edəcək.
Şənbə günü, 19 oktyabr tarixində Amsterdam Rəqs Festifalında Martin Qarriksin möhtəşəm şəkildə turnirin Rəsmi Musiqiçisi elan edilməsindən sonra tanınmış Niderlandlı DJ və prodüser UEFA AVRO- 2020 üçün rəsmi mahnı yazacaq və onu ifa edəcək.
Bu xəbəri 23 yaşlı DJ gələn yay keçiriləcək finalın 12 ev sahibi şəhərindən biri olan doğma Amsterdamında çıxışı zamanı açıqlamışdır.
Gözqamaşdırıcı dekorasiya və parlaq işıqlandırma şousu Amsterdamda anşlaqla keçən konsert iştirakçılarını heyrətə gətirdi. Martin Qarriks UEFA AVRO-2020 qalibinin mükafatlandırılacağı məşhur Anri Delone Kuboku ilə bərabər hərəkət etməklə mükəmməl bir mühit yaratdı və DJ-in arxasındakı nəhəng ekranlar onun gələn il keçiriləcək yarışın Rəsmi Musiqiçisi olacağını təsdiqlədi.
Mahnı və DJ-in əməkdaşlıq edəcəyi müğənni 2020-ci ilin yazında elan olunacaq. Bundan sonra hər iki sənətçi mahnını ilk dəfə tam şəkildə 12 iyun, 2020-ci il tarixində Romanın “Olimpiko” stadionunda keçiriləcək UEFA AVRO-2020-nin açılış mərasimində ifa edəcək.
Rəsmi mahnı ilə yanaşı, Martin, həmçinin, rəsmi bağlanış musiqisini və bütün rəsmi yayımlarda istifadə ediləcək mahnını də hazırlayacaq.
“Məndən UEFA AVRO-2020 üçün rəsmi mahnı yazmağımın xahiş edilməsi inanılmaz bir şərəfdir və hər kəsin bu xəbəri bilməsinə və eşitməsinə çox şadam”, – deyə Qarriks bildirmişdir. O, əlavə edib: “Gələn yay baş tutacaq turnir azarkeşləri bu tədbirə əvvəlkindən daha çox yaxınlaşdıracaq və mən həqiqətən ümid edirəm ki, mahnım Avropada hər kəsin özünü turnirin bir hissəsi kimi hiss etməsinə təkan verəcək”.
2004-cü ildə Afinada keçirilmiş Olimpiya Oyunlarının açılış mərasimində Niderlandlı həmkarı DJ Tiyestonun çıxışını izləməkdən ilhamlanan Qarriks daha sonra dünya səviyyəsində uğurlar qazanmağa başlayıb.
O, “Don’t Look Down” (Aşer ilə birlikdə), “Scared to be Lonely” (Dua Lipa ilə birlikdə) və “In the Name of Love” (Bebe Rekşa ilə birlikdə) kimi elektron pop-hitlər ilə bütün dünyada tanındı. Qarriks musiqi sahəsində ən böyük adlardan bir neçəsi, məsələn, Tiyesto və UEFA AVRO-2016 üçün rəsmi mahnının müəllifi olan və bu yaxınlarda “Used to Love” adlı yeni sinql üçün Din Lüis ilə əməkdaşlıq edən Devid Getta ilə bərabər mahnılar yazmışdır.
Çempionatın 60 illik tarixində ilk dəfə olaraq, Avropa Çempionatının 60 illik yubileyini qeyd etmək məqsədilə UEFA AVRO-2020 12 ev sahibi şəhərin iştirakı ilə bütün qitə ərazisində keçiriləcək. Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərləri gələn yay matçlara ev sahibliyini həyata keçirəcək.
UEFA-nın Marketinq üzrə Direktoru Qay-Loran Epşteyn bildirib: “UEFA AVRO-2020 bütün Avropada bir aylıq bayram olacaq və bu bayramın açılışını elan etmək üçün Martin Qarriksdən daha yaxşı namizəd yoxdur. Musiqi və futbol insanları bir araya gətirir və ilk dəfə olaraq qitənin 12 fərqli ölkəsində keçiriləcək turnir ilə UEFA AVRO-2020-də birlik mövzusu üstünlük təşkil edəcək”.
Martin Qarriks əlavə edib: “UEFA AVRO 2020-nin 12 fərqli şəhərdə keçiriləcəyini düşünmək sanki bir ağılsızlıq olardı, lakin bu heyrətamiz yarışmanın 60 illiyini qeyd etmək üçün bu, ən mükəmməl yoldur. Musiqi mənim üçün bir ehtirasdır, lakin mən, həmçinin, böyük futbol azarkeşiyəm və beləliklə, tarixdə ən nəhəng Avropa Çempionatı üçün rəsmi mahnı yazmaq şansına sahib olmaq mənim üçün xüsusilə mühüm bir hadisədir”.
Musiqi və futbol azarkeşləri noyabrın 30-da Buxarestdə keçiriləcək UEFA AVRO-2020-nin final püşkatmasında Martin Qarriks ilə görüş şansı əldə edə bilərlər. Bu şansa sahib olmaq üçün www.euro2020.com/Martin-Garrix  keçidinə daxil olun.

Növbəti xəbərlər

Ən son videolar