“Qatar Airways” UEFA AVRO 2020-nin rəsmi aviaşirkəti elan olunub

22-02-2021

UEFA “Qatar Airways” şirkətini gələn yay, 11 iyun-11 iyul 2021-ci il tarixlərində baş tutacaq turnirin rəsmi aviaşirkəti olacağını elan edib.

 

UEFA qürur hissi ilə bildirir ki, “Qatar Airways” UEFA AVRO 2020 ilə tərəfdaşlıq sazişi imzalayıb və bu sazişlə Qatarın milli aviadaşıyıcısının turnirin rəsmi aviaşirkəti olması nəzərdə tutulur.

 

Dünyanın ən böyük idman tədbirlərindən birinin tərəfdaşı olaraq “Qatar Airways” brendi turnir ərzində 51 oyuna ev sahibliyi edəcək bütün stadionlarda və bu oyunların işıqlandırılacağı bütün rəqəmsal platformalarda diqqət çəkən yer tutacaqdır.

 

“Biz “Qatar Airways” şirkətini UEFA AVRO 2020-nin rəsmi tərəfdaşları sırasına qəbul etməkdən böyük məmnuniyyət hissi duyuruq. İdman kimi səyahət də bizi birləşdirir. Gələn Yay yarışın gətirəcəyi idman həyəcanını yaşamaq üçün indi həmişəkindən daha çox ideal imkan vəd edir. Biz 16-cı Avropa Çempionatı sevincini birlikdə yaşayacağıq,” deyə UEFA-nın marketinq direktoru Qay Loran Epşteyn vurğulayıb.

 

UEFA AVRO 2020 turniri 24 komandanın rəqabət aparacağı yarış formasında 12 ev sahibi şəhərdə təşkil olunacaqdır: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq. Londonun “Uembli” stadionu 11 iyul 2021-ci ildə final oyununa ev sahibliyi edəcəkdir. “Qatar Airways” bütün ev sahibi şəhərlərə ya birbaşa, ya da onların tərəfdaş aviaşirkətləri vasitəsilə xidmət göstərəcəkdir. 

 

“Biz “Qatar Airways” şirkəti olaraq öz dünya səviyyəli xidmətimiz vasitəsilə dünyanın hər tərəfindən olan oyunçuları, azarkeşləri və rəsmiləri birləşdirmək üçün UEFA ilə tərəfdaşlıq etməkdən böyük məmnuniyyət hissi duyuruq. İdmanın insanları birləşdirmək gücü əvəzsizdir və UEFA AVRO 2020 ilə bu tərəfdaşlıq Avropa futbolunun ən yaxşılarını izləməyimiz üçün əla  imkan yaradır. Bundan başqa, bu əməkdaşlıq bizim Avropaya olan bağlılığımızı nümayiş etdirir və idman sahəsində genişlənməkdə olan tərəfdaşlıq portfelimizi ön plana çıxarır,” deyə “Qatar Airways” şirkətlər qrupunun icraçı direktoru, Zati-aliləri cənab Əkbər Əl-Baker qeyd edib. 

 

UEFA AVRO 2020 ilə tərəfdaşlıq “Qatar Airways” şirkətinin idman dünyasındakı mövqeyini gücləndirir. Daşıyıcının futbol sahəsində qlobal sponsorluq portfelinə FİFA, CONMEBOL, Paris Sen-Jermen, AS Roma, Boka Xuniors, FK Bayern Münhen, K.A.S. Eupen və Əl-Sədd SK da daxildir. 

 

“Qatar Airways” şirkəti UEFA AVRO 2020-nin Alipay, Booking.com, Coca-Cola, FedEx, Heineken, Hisense, SOCAR, Takeaway.com, Tiktok, vivo və Volkswagen-dən ibarət olan cari tərəfdaşlarının sırasına qoşulur.

Növbəti xəbərlər

Ən son videolar