Şənbə günü e-AVRO 2020-nin final mərhələsinə start veriləcək

21 May 2020

Bu həftə sonu start götürəcək e-AVRO 2020 final turnirində 16 komanda Avropa çempionu titulu uğrunda mübarizə aparacaq və matçlar UEFA-nın YouTube kanalında yayımlanacaq.

 

Mayın 23 və 24-də on altı komanda e-AVRO 2020-nin çempionunu müəyyənləşdirmək üçün mübarizəyə başlayacaq. E-AVRO 2020 milli komandalar səviyyəsində keçirilən ən böyük e-futbol yarışıdır. Konami şirkətinin PlayStation 4 üçün nəzərdə tutulmuş e-futbol PES 2020 videooyununda təşkil olunmuş bu yarışda UEFA-nın bütün 55 üzv assosiasiyasından olan namizədlər iştirak edib.

 

“Bu turnir e-futbol həvəskarlarına öz ölkələrini ən böyük səhnədə təmsil etmək arzusunu reallaşdırmaq imkanı verib və biz ötən bir neçə ay ərzində yaddaşlarda qalacaq anlara şahidlik etmişik,” deyə UEFA Events SA-nın marketinq direktoru Qay Loran Epşteyn bildirib.  

 

“Son bir neçə ildə e-futbolun populyarlığı olduqca artıb. E-AVRO 2020 bizə milli komanda futbolunun yeni və mövcud azarkeşləri ilə ünsiyyət imkanı verir. Turnirin əldə etdiyi uğur göz qabağındadır. Beş milyondan çox insan UEFA platformaları üzərindən yarışın videolarını seyr edib.”

 

Xəyalların gerçək olması

 

Yarış bütün Avropada azarkeşlər arasında populyarlıq qazanıb. Apreldə keçirilən pley-off oyunları zamanı on minlərlə litvalı azarkeş öz komandalarının çıxışını izləyib. Lakin onlar Litvanın final turnirinə çıxa bilməməsindən məyus olublar. Bununla belə, yarış bir çox oyunçuya öz ölkəsini beynəlxalq əhəmiyyətli turnirdə təmsil etməklə bağlı çoxdankı arzusunu həyata keçirmək imkanı verib. 

 

“İspaniyanı təmsil etmək bir oyunçu üçün ən böyük şərəfdir. Milli komandanın formasını geyinərək onun bir hissəsi olmaq möhtəşəm hissdir. Cəmi bir neçə il bundan PES-də yarışlara qatılmağa başlayanda nə vaxtsa ölkəmi e-AVRO 2020 kimi böyük bir yarışda təmsil edəcəyim ağlıma da gəlməzdi. Bu, xəyalların gerçək olmasıdır,” deyə klub səviyyəsində Bayern Münhen FK-nın e-futbol komandasını da təmsil edən Aleks Alquasil qeyd edib.

 

COVİD-19 səbəbindən bütün Avropada böyük liqaların dayandığı bir vaxtda e-AVRO yarışı futbol azarkeşlərinə arzuladıqları canlı futbol mübarizəsi təqdim etməklə bu boşluğu doldurmağa kömək edib.

 

“Hər şeyin təxirə salındığı bir vaxtda e-AVRO bütün PES azarkeşlərini, eləcə də futbol azarkeşlərini müəyyən əyləncə ilə təmin edib. Xorvatiyanın bütün PES icması bizim oyunlarımızı izləyib. Hətta e-futbola çox da baxmayan insanlar belə oyunların yükləmələri barədə soraqlaşıb və həqiqətən, oyunlarımızı seyr etməyə istək nümayiş etdiriblər,” deyə xorvatiyalı Andrey Şporçiç qeyd edib. 

 

Final turniri hansı qaydada keçiriləcək?

 

Püşkatma nəticəsində 16 komanda hərəsində 4 komanda olan 4 qrupa bölünüb. Hər qrupda ilk iki yerin sahibi dörddə-bir finala yüksələcək. Seçilmiş qarşılaşmalar UEFA-nın YouTube kanalında yayımlanacaq. Matçlar Mərkəzi Avropa vaxtı ilə şənbə günü saat 12:00-da başlayıb bazar günü 10:30-da başa çatacaq. Hər qrupdakı komandalar “iki oyunlu turnir” formatında mübarizə aparacaq (“iki oyunu uduzan çıxır” prinsipi əsasında, final oyunu olmadan). Hər qrup qalibi və ikincisi səkkiz komandadan ibarət “bir oyunu uduzan çıxır” formatında mübarizəyə vəsiqə qazanacaq.

 

Qrup A  

Bosniya və Herseqovina, Almaniya, Rumıniya, İspaniya

 

Qrup B

Danimarka, İtaliya, Serbiya, Türkiyə

 

Qrup C

Xorvatiya, Lüksemburq, Monteneqro, Hollandiya

 

Qrup D

Avstriya, Fransa, Yunanıstan, İsrail

 

Dörd qrup qalibi püşkatma əsasında digər bir qrupun ikinci yeri tutan komandasına qarşı oynayacaq. Finala qədər bütün matçlar “üç oyun əsasında üstün tərəf” prinsipi ilə keçiriləcək. Finalın qalibi beş oyun əsasında müəyyənləşəcək. Matçlar təkbətək mübarizə qaydasında baş tutacaq. Yarışın qalibinə veriləcək 40 min avro daxil olmaqla, 100 min avro həcmindəki ümumi mükafat fondu final turnirində yarışan tərəflər arasında bölünəcək.   

 

Təsnifat mərhələsi necə keçirildi?

 

Yanvar ayında keçirilən püşkatma nəticəsində yarışda iştirak edən milli komandalar martın 9-dan 30-a qədər davam edən təsnifat mərhələsi üçün on qrupa bölündü.

 

Hər komanda onunla eyni qrupda yer alan digər ölkələrə qarşı iki matç (təkbətək) keçirdi. Hər iki matçdan qazanılan xallar qrup cədvəlinə əlavə edildi.

 

On qrupun qalibləri birbaşa final turnirinə vəsiqə qazandı. Qrup ikinciləri olan on komanda isə digər altı finalçını müəyyənləşdirmək üçün pley-off turnirində mübarizə apardılar.  

 

Media üçün qeyd:

 

Müəllif hüququnun UEFA-ya aid olduğunu göstərməklə videoları, qrafikləri və şəkilləri aşağıdakı hiper-əlaqədən yükləyə bilərsiniz: https://uefa.box.com/v/UEFAeEURO2020FinalTournament

Fotoqalereya

Növbəti xəbərlər

Ən son videolar