Təsnifat mərhələsi oyunlarına start verilib

10-03-2020

11 iyul tarixində - əsl UEFA AVRO-2020 finalından 1 gün öncə E-AVRO üzrə final mərhələsinin oyunları keçiriləcək və qalib müəyyənləşəcək. eAVRO-2020 təsnifat mərhələsində iştirak etmiş UEFA-nın 55 üzv milli assosiasiyaları ilə birgə Londona gedən bu yol artıq başlayıb.   

55 ölkənin yarışdığı eAVRO-2020 turniri milli komandalar arasındakı indiyə qədərki ən böyük e-futbol yarışmasıdır. 10 qrupa bölünən komandalar bir-biriləri ilə “evdə” və “səfərdə” olmaqla iki oyun keçirəcəklər. Hər bir qarşılaşma iki təkbətək matçdan ibarət olur və yekun nəticəni iki matçın ümumi hesabı təyin edir.  

On qrupun qalibləri 16 komandanın iştirak edəcəyi final mərhələyə birbaşa vəsiqə qazanacaqlar. Turnirə son altı vəsiqə üçün isə ikinci yerlərdə qərarlaşan on komanda may ayında iki oyun günü ərzində pley-off oyunlarını keçirəcək.   

"Biz milli assosiasiyalarımızın oyunçularına öz ölkələrini böyük səhnədə təmsil etmək şansını verdiyimiz üçün çox məmnunuq", - deyə UEFA Tədbirləri üzrə Marketinq Direktoru Gi-Loran Epşteyn bildirib.

O, əlavə edib: "son bir neçə ildə biz e-futbolun populyarlığında kütləvi bir artım gördük və e-AVRO-2020 bizə milli komanda futbolunun yeni və mövcud azarkeşləri ilə əlaqə qurmaq imkanı verir".

Turnir UEFA AVRO-2020 rəsmi video oyunlarının ən son yenilənməsini yenicə təqdim etmiş AVRO video oyunlarının lisenziyalaşdırılması üzrə rəsmi tərəfdaş olan “Konami” ilə birgə əsl UEFA AVRO mühitində keçiriləcək. E-futbol “PES 2020”-yə bu yeniləmə 55 komandanın hamısını əhatə edəcək.   

eAVRO-2020 turnirinin qalibi olan komanda UEFA AVRO-2020 yarışının finalına biletlər və, həmçinin, pul mükafatı qazanacaq. Bəzi oyunlar UEFA-nın rəsmi “YouTube” kanalında canlı yayımlayacaq.

Qeyd edək ki, Azərbaycan e-millisi təsnifat mərhələsində D qrupunda Slovakiya, Finlandiya, Yunanıstan və Norveç milliləri ilə eyni qrupda yer alıb. E-Milli yığmamızın tərkibi 25 yanvar tarixində “Nizami e-Sports Arena”da keçirilən seçimlərin sonunda bəlli olub. Camal Zeynallı, Təbriz Mahmudov, Əli Gözəlzadə və Firuz Buksayev dördlüsü Azərbaycan e-Millisinə iyul ayında Londonda keçiriləcək final mərhələsinə vəsiqə qazandırmaq uğrunda birgə mübarizə aparacaqlar. Təsnifat mərhələsinin oyunları 9 martdan başlamaqla mart ayının hər bazar ertəsi günlərində oynanılır.

Növbəti xəbərlər

Ən son videolar