UEFA AVRO 2020-nin bəzi oyunlarının keçiriləcəyi məkanlarda dəyişiklik edib

23 April 2021

Getty Images
 

Münhendə keçiriləcək oyunlar üçün minimum 14500 tamaşaçının iştirakı təsdiq olunub. Bilbao şəhəri Sevilya ilə əvəzlənib. Dublində təşkil olunması nəzərdə tutulan oyunlar Sankt-Peterburq və Londona keçirilib.

UEFA İcraiyyə Komitəsinin bu gün video-konfrans formatında keçirilən iclasında Komitəyə UEFA AVRO 2020 çərçivəsində Münhen şəhərində təşkil olunacaq 4 oyunun hamısında minimum 14500 tamaşaçının iştirak edə biləcəyi barədə yerli səlahiyyətli orqanların təsdiqi barədə məlumat verilmişdir. Beləliklə, Münhen çempionat üçün ev sahibi məkan kimi təsdiq olunmuşdur.  

 

Daha sonra Komitə UEFA AVRO 2020-nin bəzi oyunlarını aşağıdakı qaydada yenidən təyin etməyi qərara almışdır:

 

  • İlkin olaraq Bilbaoda təşkil olunması nəzərdə tutulan dörd oyun Sevilya şəhərinin “Estadio La Cartuja” stadionuna keçirilir. Bu oyunların təşkilinə dəstəyini verən Əndəlus Muxtar İcması “E” qrupunun 3 oyunu və bir 1/8 final oyunu üçün stadion tutumunun 30%-i həddində tamaşaçı iştirakına icazə vermək niyyətini təsdiq etmişdir.

 

Yerli səlahiyyətli orqanların qərarından sonra aydın görünürdü ki, azarkeşlərin orada keçirilməsi nəzərdə tutulan oyunlarda iştirak edə biləcəyi ehtimalı çox azdır. Bu səbəbdən, bir il stadionlarda canlı futbol izləmək imkanından məhrum olmuş azarkeşlərin oyunlarda iştirakına şərait yaratmaq məqsədilə UEFA İspaniya Kral Futbol Federasiyasının köməyi ilə bu oyunları həmin ev sahibi ölkənin daxilində digər bir məkana köçürməyi təklif etmişdir. Qərar UEFA-nın bu ən mötəbər milli komanda yarışı çərçivəsində keçirilən bütün oyunlarında bayram ab-havasının yaranmasına şərait yaradacaq.

 

  • “E” qrupunun ilkin olaraq Dublində keçirilməsi nəzərdə tutulan 3 oyunu “B” qrupunda 3 oyunu və bir 1/4 final oyununa ev sahibliyi edəcək Sankt-Peterburq stadionuna verilir.  

 

  • İlkin olaraq Dublində təşkil olunması nəzərdə tutulan 1/8 final oyunu isə Londonun “Uembli” stadionuna keçirilir. 

 

“Biz oyunlarda təhlükəsizliyin və bayramsayağı mühitin təmin olunması üçün ev sahibi assosiasiyalarla və yerli səlahiyyətli orqanlarla birgə səylə çalışmışıq və böyük məmnunluq hissi ilə bildirirəm ki,  biz bütün oyunlarda milli futbol komandalarının dəstəklənməsi üçün qitənin hər bir tərəfindən azarkeşləri qəbul etmək iqtidarındayıq,” deyə UEFA-nın prezidenti Aleksandr Çeferin qeyd etmişdir.

 

UEFA hər ikisi UEFA-nın gələcək tədbirlərinə ev sahibliyi etmək üçün yaxşı məkanlar hesab edilən Bilbao və Dublin şəhərlərinə, İspaniyanın və İrlandiya Respublikasının milli və regional hökumətlərinə və bütün əmək sərf edən tərəflərə ötən illər boyunca göstərdikləri fədakarlıq, peşəkarlıq və səylərə görə minnətdarlığını ifadə edir.  

 

UEFA həmçinin yüksək səviyyəli əməkdaşlığa və çalışqanlığa görə İrlandiya Futbol Assosiasiyasına və onun fədakar kollektivinə təşəkkürünü bildirir və UEFA AVRO 2020-nin oyunlarının təşkili ilə bağlı qalan 11 ev sahibi assosiasiya ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.   

 

Bilet alanlar üçün məlumat

Bilbao və Dublindəki oyunların bütün biletləri ləğv edilmişdir. Bilet alıcılarına ləğv edilmiş biletlərinin nominal dəyəri həcmində geri ödəmə ediləcəkdir.

 

London, Sankt-Peterburq və Sevilya şəhərlərinə yeni təyin edilmiş oyunlara bilet satışı ilə bağlı əlavə məlumat EURO2020.com/tickets saytında dərc ediləcək və email vasitəsilə mövcud bilet sahiblərinə bildiriləcək. 

 

Ən əsası, bundan əvvəl Bilbao və Dublinə bilet almış azarkeşlər yeni təyin olunan stadionlarda həmin oyunlara bilet aldıqları zaman əsas üstünlük onlara veriləcək. 

 

İştirakçı Milli Assosiasiyaların satış proqramları vasitəsilə hər hansı gələcək bilet satışları zamanı müvafiq fan-klubların qaydaları tətbiq olunacaqdır.

 

Azarkeşlərə tövsiyə edilir ki, sərhəd-buraxılış məhdudiyyətləri və tələbləri ilə diqqətlə tanış olsunlar. Azarkeşlər tamaşaçılar üçün tədbirə dair rəsmi təlimatlar barədə ətraflı məlumatı, eləcə də stadionlarda COVID-19-la bağlı görüləcək təsirin azaldılması tədbirləri və hər bir ev sahibi şəhərə səyahətlə bağlı əlavə məlumatları EURO2020.com saytından və “UEFA EURO 2020 App” tətbiqindən əldə edə bilərlər.

 

Növbəti xəbərlər

Ən son videolar