UEFA e-AVRO 2021-in təsnifat mərhələsi bu gün start götürür

11-03-2021

Bu yay təşkil olunacaq e-AVRO e-futbol turnirinin təsnifat mərhələsinə bu gün UEFA-nın YouTube kanalında canlı yayımla start verilir. 55 komanda iyulda keçiriləcək final turnirinə vəsiqə əldə etməyə çalışacaqdır.

 

UEFA-nın üzvü olan bütün 55 milli assosiasiya Uembli Stadionunda baş tutacaq əsl UEFA AVRO 2020‑nin finalından bir gün əvvəl, 10 iyul tarixində Avropa çempionunu müəyyənləşdirmək məqsədilə e-AVRO 2021-in bu gün başlanan təsnifat mərhələsində iştirak edəcəkdir.

Müsabiqənin keçən ilki ilk versiyasında olduğu kimi, 55 ölkənin iştirakı ilə e-AVRO 2021 milli komandalar arasında e-futbol üzrə keçirilən ən irimiqyaslı turnir adına sahibdir. On qrupa bölünmüş komandalar bir-biri ilə iki dəfə “ev-səfər” formatında qarşılaşacaqdır. Hər qarşılaşma iki təkbətək oyundan ibarət olacaq, iki oyunun ümumi hesabı yekun nəticəni müəyyənləşdirəcəkdir. Təsnifat oyunları mart-aprel aylarında keçiriləcəkdir.  

On qrupun qalibləri birbaşa olaraq 16 komandanın iştirak edəcəyi final turnirinə vəsiqə qazanacaqdır. On qrup ikincisi isə digər altı finalçını müəyyənləşdirmək məqsədilə 10 və 17 mart tarixlərində pley-off turnirində iştirak edəcəklər.

“UEFA e-AVRO müsabiqəsi e-futbol həvəskarlarına öz ölkələrini ən böyük səhnədə təmsil etmək arzusunu reallaşdırmaq imkanı verib və bütün rəqib komandalar ötən ilin qalibi olan İtaliyanın uğurunu təkrarlamağa çalışacaq,” deyə UEFA-nın marketinq direktoru Qay Loran Epşteyn bildirib.

“İlk UEFA e-AVRO müsabiqəsi şübhəsiz ki, uğurlu olmuş, bütün UEFA platformaları üzərindən 15 milyondan artıq insan müsabiqənin videolarını izləmişdir. Biz son bir neçə ildə e-futbolun populyarlığında böyük bir artımın şahidi olmuşuq və e-AVRO 2021 bizə milli komanda futbolunun yeni və mövcud azarkeşləri ilə əlaqə yaratmaq imkanı verməyə davam edəcəkdir.”

Hər bir milli assosiasiya yarışda 2-4 oyunçudan ibarət milli e-futbol komandası ilə iştirak edəcəkdir. UEFA e-AVRO 2021-nin qarşılaşmaları eksklüziv olaraq KOMANİ-nin e-futbol PES 2021 video oyununun SEASON UPDATE versiyasında keçiriləcəkdir.

Yarışın qalibinə veriləcək 40 min avro daxil olmaqla, 100 min avro məbləğindəki ümumi mükafat fondu bütün finalçılar arasında bölünəcək. Oyunlar UEFA-nın rəsmi YouTube kanalında canlı yayımlanacaqdır.

Keçən yay İtaliya “beş oyunun ən yaxşısı” prinsipi ilə keçirilən final oyununda Serbiyanı 3-1 hesabı ilə məğlub edərək ilk UEFA e-AVRO turnirinin qalibi olub. Bu dəfə onlar Portuqaliya, Moldova, İngiltərə, İslandiya və Şimali İrlandiyanın da yer aldığı “H” qrupunda öz titullarını qorumağa çalışacaqlar.

Növbəti xəbərlər

Ən son videolar