UEFA AVRO 2020-nin Kuboku ev sahibi şəhərlərə gəlir

29-04-2021

Getty Images

 

Turnirin başlanmasına 40 gündən bir qədər artıq müddətin qaldığı bir vaxtda çempionatın əsas mükafatı - Anri Delone Kuboku Avropanı səyahətə çıxacaq.

 

İyunun 11-də Romada start götürəcək UEFA AVRO 2020 həyəcanının getdikcə artdığı bir ərəfədə məşhur Anri Delone Kuboku turnir öncəsində ev sahibi şəhərlərin qonağı olacaqdır. 

 

Azarkeşlər üçün UEFA-nın, onun tərəfdaşlarının və ev sahibi şəhərlərin öz müvafiq sosial media kanallarında təşkil etdiyi bir sıra onlayn və rəqəmsal kubok turu fəaliyyətlərində iştirak etmək imkanı yaradılır.

 

COVİD pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən bu kubok turu əsasən rəqəmsal formada həyata keçiriləcək. Buna görə də yerlərdə azarkeşlərin iştirakı ilə heç bir fəaliyyətin təşkili planlaşdırılmır.

 

Kubok ev sahibi şəhərlərdə baş tutacaq şəhər turu çərçivəsində şəhərin ən məşhur yerlərinə, o cümlədən UEFA AVRO 2020-nin şəhər loqoları üçün istifadə olunan körpülərə aparılacaqdır. 

 

Ötən həftə kubok Roma şəhərində olmuş və UEFA AVRO 2000-nin finalçısı Demetrio Albertininin iştirakı ilə Kolizeyə və “Terrazza del Pincio” adlı məkana gətirilmişdir. Kubokun növbəti dayanacağı aprelin 25-də Buxarest şəhəri olmuşdur. Burada kubok səfirlər Dorinel Muntyanu və Miodraq Belodediçinin müşayiəti ilə Konstitusiya Meydanına gətirilmiş və səyahət Milli Arena Stadionunda yekunlaşmışdır.

 

Kubokun aparılacağı növbəti şəhərlər aşağıdakılardır:

 

30 aprel-1 may 2021: Budapeşt

7-8 may 2021: Bakı

11 may 2021: Kopenhagen

14-15 may 2021: Amsterdam

22-23 may 2021: Sankt-Peterburq

28 may 2021: Münhen

1-3 iyun 2021: Qlazqo

4-5 iyun 2021: London

Sevilya – dəqiqləşdiriləcək

 

Bu UEFA AVRO 2020 Kubok Turu üçün “Volkswagen” şirkəti ID.3 markalı unikal avtomobil hazırlamışdır. Kuboku ev sahibi şəhərlərdə bu avtomobil gəzdirəcək. Kubok avtomobilin damında şüşə vitrində nümayiş etdiriləcək. Bu müddətdə azarkeşlər TikTok-un köməyi ilə kubokla video çəkdirmək və özlərinin fərdi rəqəmsal UEFA AVRO 2020 xatirələrini hazırlamaq imkanına sahib olacaqlar.

 

Sözügedən rəqəmsal əyləncə platforması dünyanın aparıcı futbol turnirlərindən birinin başlanmasına 40 gündən bir qədər artıq müddətin qaldığı bir vaxtda azarkeşlərə öz həyəcanlarını dostları ilə və dünyanın hər bir tərəfindən olan digər futbol azarkeşləri ilə paylaşmaq imkanı verəcək “UEFA AVRO 2020 Kuboku” adlı video filtrləmə funksiyasını işə salır.

 

Kubok turunun mərhələlərində iştirak edəcəyini təsdiqləmiş səfirlərdən bir neçəsi qismində UEFA AVRO-nun keçmiş qalibləri Peter Şmeyhel, Brayan Laudrup və Flemminq Povlsenin, UEFA AVRO-nun finalçısı Filip Lamın, eləcə də UEFA AVRO-nun yarımfinalçısı Uesli Sneyderin adlarını çəkmək olar. UEFA AVRO 2020-nin maskotu olan “Skillzy” də kubok turunda iştirak edəcək və öz fristayl futbol bacarıqlarını göstərəcəkdir.

 

Yerli Əməliyyat Qrupları müvafiq vaxtlarda konkret fəaliyyətlər barədə ictimaiyyətə əlavə məlumatlar təqdim edəcək.

 

Daha ətraflı məlumatı turnirin əsas informasiya mənbəyi olan “UEFA EURO 2020” tətbiqi vasitəsilə də əldə etmək mümkün olacaqdır. Bu məlumatlara gündəlik məsləhətlər, interaktiv xəritələr, təhlükəsizlik bildirişləri və tamaşaçılar üçün UEFA Festivalının qrafiki, eləcə də hər bir oyun və komanda haqqında geniş reportaj, bildirişlər və statistika daxildir.

 

İyunun 11-də Romada start götürəcək və final oyunu iyulun 11-də Londonda keçiriləcək turnirin oyunları Amsterdam, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq və Sevilya şəhərlərində təşkil olunacaq.

Növbəti xəbərlər

Ən son videolar