UEFA və Takeaway.com UEFA Avro-2020™ ilə bağlı qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb

14-11-2019

Qida məhsullarının çatdırılması sahəsində fəaliyyət göstərən aparıcı onlayn platforma Takeaway.com UEFA Avro-2020 ilə bağlı yeni sponsorluq razılaşması imzaladığını elan edib. Razılaşma çərçivəsində, Takeaway.com qida məhsullarının çatdırılması xidmətləri üzrə turnirin rəsmi tərəfdaşı adını qazanıb.

 

Takeaway.com UEFA Avro-2020™-nin rəsmi tərəfdaşı elan olunub. Bu tərəfdaşlıq çərçivəsində, onlayn fəaliyyət göstərən qida məhsullarının çatdırılması şirkəti stadionda reklam hüququ və oyunçularla meydana çıxan uşaqlarla bağlı unikal imkan əldə edəcək, eləcə də öz müştərilərinə və şirkətlə əlaqəli olan restoranların qonaqlarına minlərlə bilet qazanmaq şansı təqdim edəcəkdir.

 

“Sponsor ailəmizə qida məhsullarının çatdırılması xidməti üzrə rəsmi tərəfdaş qismində daha bir rəqəmsal fəaliyyət göstərən şirkətin əlavə olunması UEFA Avro-2020™ brendinin gücünü bir daha sübut edir və bizim rəqəmsal strategiyamızın doğru yolda olduğunu təsdiqləyir,” deyə UEFA Events SA-nın marketinq direktoru Qay Loran Epşteyn qeyd edib.

 

“Takeaway.com Avropada sürətlə böyüyən qida məhsullarının çatdırılması sektorunda bazarın lideri kimi öz yerini tutub və onların komandamıza qoşulması bizi olduqca sevindirir. Bu şirkət turnir boyunca UEFA-nın milli komanda futbolunun milyonlarla azarkeşini dünyanın ən möhtəşəm idman tamaşalarından birində Avropa futbolunun ən məşhur ulduzlarının apardıqları mübarizəni izləyərkən asan və rahat şəkildə qida məhsulları sifariş edə bilmək imkanı ilə təmin edəcəkdir.”

 

Yarışın dünya üzrə beş milyarddan artıq televiziya tamaşaçısı tərəfindən izlənəcəyi, üç milyon azarkeşin isə matçlarda bilavasitə iştirak edəcəyi gözlənilir. Turnir 60 illik yubileyi münasibətilə Avropanın 12 ölkəsində keçiriləcək, bununla da UEFA Avro-2020™ Avropa çempionatlarının tarixində ən irimiqyaslısı olacaqdır. Bu isə öz növbəsində Takeaway.com şirkətini bütün Avropa üzrə bazarlara misilsiz çıxışla təmin edəcəkdir.

 

Onlayn fəaliyyət göstərən qida məhsullarının çatdırılması şirkəti hazırda 11 ölkədə 16,7 milyon müştəriyə xidmət göstərir. Bu xidmət UEFA Avro-2020-də çıxış etmək ehtimalı olan bir sıra ölkələri, eləcə də Amsterdam, Buxarest və Münhen daxil olmaqla bəzi ev sahibi şəhərləri əhatə edir.

 

“Şirkətimizin təqdim etdiyi xidmətlər fəaliyyət göstərdiyimiz ölkələrdə ən tanınan brendlər arasında yer alır. UEFA Avro-2020-nin sponsoru olmağımız sayəsində əhatə dairəmiz daha da genişlənəcək, Takeaway.com-un aparıcı Avropa brendi kimi mövqeyi daha da güclənəcəkdir. Bu, azarkeşlərin öz sevimli yeməklərindən zövq aldıqları vaxt bütün əhaliyə xidmət göstərmək üçün unikal bir fürsətdir,” deyə Takeaway.com-un baş direktoru Citse Qroun bildirib.

 

UEFA Avro-2020™ iyunun 12-də Roma şəhərində start götürəcək və bir ay sonra, Londonun Uembli stadionunda final oyununun keçirilməsi ilə başa çatacaqdır.

 

Turnir müddətində matçlar Avropanın aşağıdakı 12 ev sahibi şəhərində baş tutacaqdır: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.

 

Növbəti xəbərlər

Ən son videolar